Müşfiq  Tahirov 

Baku State University  “Civil law” department

 

 

                 İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRİN BƏZİ MİLLİ      TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ   ( “Qanun”   ¹1(129) İctimai – siyasi, elmi hüquq jurnalı 2005 səh. 17

 

Müasir beynəlxalq siyasi şəraiti xarakterizə  edərkən beynəlxalq münasibətlərin tək qütblü və ya çoxqütblü olması müzakirə mövzularından biridir. ABŞ-ın Əfqanıstan və  İrakda uzanan münaqişəyə cəlb edilməsi göstərdi ki, öz hərbi və iqtisadi imkanlarına görə başqa ölkələrdən müstəsna dərəcədə fərqlənən belə bir dövlət də müttəfiqlərin köməyinə və beynəlxalq ictimai fikirin dəstəyinə möhtac ola bilər. Beləliklə, indiki vəziyyəti asimmetrik çoxqütblülük adlandırmaq daha düzgün olar. Asimmetrik deyirik ona görə ki, ABŞ-ın təsiri başqa güc mərkəzlərinin təsirindən daha qüvvətlidir. Əvvəlki iki qütblü beynəlxalq sistemdən indiki vəziyyətin fərqi tək onda deyil ki, qütblər dəyişmişdir və ya çoxalmışdır. Əsas fərq ondan ibarətdir ki, bu qütblərin regionlara və dövlətlərə yönələn təsir trayektoriyaları sabit deyil, bəzən isə çox böyük sürətlə dəyişir, azalır və ya artır. Belə bir şəraitdə inkişaf etməkdə olan ölkələrin eyni zamanda həm çevik, həm də milli maraqlara cavab verən siyasət yürütməsi olduqca çətindir və elmi cəhətdən əsaslandırılmış milli təhlükəsizlik konsepsiyasının mövcudluğunu zəruriyyətə çevirir. Bu isə, başqa ölkələrin təcrübəsindən göründüyü, kimi müəyyən müzakirələr, fikir mübadiləsi tələb edir.

    Sosialist düşərgəsinin dağılması ilə dünya dövlətlərini şərti olaraq inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərə bölmək olar. Üçüncü dünya ölkələri adlandırdığımız həmin inkişaf etməkdə olan ölkələrdə  daxili konfliktlər , regional böhranlar , müharibələr çətin problemlərə çevrilmişdir. Bunlardan da başqa, xroniki yoxsulluq, aclıq, ətraf mühitin çirklənməsi, həyat səviyyəsinin getdikcə aşağı düşməsi bu ölkələrdən bəzilərini  yaşayış üçün uğursuz ölkələrə çevirmişdir.

Bu ölkələrdə milli təhlükə dedikdə ilk olaraq xarici təhlükə nəzərdə tutulur: işğal, sərhəd mübahisəsi, casus fəaliyyəti, sabotaj, təxribat, terror… Belə ki, dünya siyasətində hər bir ölkə  öz  mənafeyini güdür və hər bir dövlət  özünə  güvənməlidir. Təhlükəsizlik dedikdə ilk növbədə ölkənin suverenliyini , ərazi bütovlüyünü təmin edən hərbi qüvvənin təmin olunması başa düşülür. Üçüncü dünya dövlətlərinin hərbi xərcləri  durmadan artmaqdadır. Hərbi qüdrətin yaradılması çətin , bahalı və regional siyasi gərginlik doğuran bir prosesdir. Eyni zamanda hərbi bloklaşma və yenidən bloklaşma prosesi gedir. Soyuq müharibə dövründə üçüncü dünya ölkələrinin problemləri Qərb bloku ilə Sovet blokunun qarşıdurması baxımından qiymətləndirilirdi. Bu ölkələr mövcud iki güc mərkəzlərindən birinin təsiri altında olaraq  öz himayədarı ilə birlikdə müvafiq olaraq uğur qazanır və ya ziyan çəkirdi. Beləliklə  onların siyasi vəziyyəti super dövlətlərin qarşılıqlı münasibətlərindən asılı idi. Sovet blokunun dağılması ilə bu ölkələrdən bəziləri həm iqtisadi, həm təhlükəsizlik baxımından Avropa ailəsinə ,əksəriyyəti isə üçüncü dünya ölkələri ailəsinə daxil oldu.

Üchüncü dünya ölkələrində təhlükəsizlik şərtlərinin Qərb ölkələrində olduğundan kəskin  şəkildə fərglənməyinə baxmayaraq, bu ölkələr öz təhlükəsizlik siyasətlərini Qərb idarəetmə modelini tatbiq etməklə həyata keçirmək istəyirlər. Müvafiq olaraq, hərbi və xarici siyasətin uzlaşdırılması, strateji planlaşdirma, hərbi doktrina , və sairə anlayişlar tez-tez işlədilməkdədir. Bir çox belə dövlətlərin milli təhlükəsizlik konsepsiyaları bir sıra təməl  prinsiplərə əsaslanır:

- xarici hərbi təhlükədən müdafiənin əsas məqsəd olması

-hərbi   qüvvələrə əsaslanan qüdrətin yaradılması

-qərb təhlükəsizlik idarəçilik üsul və vasitələrinin köçürülməsi

Lakin , qeyd etdiyimiz kimi , qərb təhlükəsizlik konsepsiyasının dəyişdirilmədən köçürülməsi düzgün deyil və səmərəli olmayacaqdır.

Milli təhlükəsizlik konsepsiyası təkcə necə qorumaq sualına deyil, həm də nəyi qorumaq sualina cavab verir.

Milli təhlükəsizlik konsepsiyası Qərb ölkələrinin ehtiyaclarını ödəmək üçün və onların xüsusiyyətlərinə uyğun olaraq yaradılmışdır. Qərb dövlətləri qüclü iqtisadiyyata    böyük dövlət-imperiya ənənələrinə malikdirlər.  2- ci dünya müharibəsindən sonra  Təhlükəsizlik Birliyi yaradan Qərbi şərq-qərb qarşıdurmasından kənarda heç bir hücum təhlükəsi gözləmirdi.Bu  birliyin yaradılmasının bir səbəbi Sovet təhlükəsi idisə, digər səbəbi Avropa dövlətləri arasında daha bir müharibənin yolverilməz olması qənaəti idi. Bu baximdan milli  təhlükəsizlik  konsepsiyası  mənşə etibarı ilə müdafiə konsepsiyasıdır. Bu konsepsiya  sovet ideologiyasının həmləsinə qərb siyasi və iqtisadi sisteminin cavabı idi. Sovet təhlükəsi tək hərbi təhlükə deyil sistemli həmlə idi. Bu hücum qərb dünyasının zəif cəhətlərindən , məsələn kolonial sistemdən, sosial bərabərsizlikdən istifadə edərək qərb sivilizasiyasını məğlub etmək məqsədi daşıyırdı. Yəni  bu qarşı yaradılmış   konsepsiya həm də konkret  beynəlxaq şəraitə hesablanmış idi.

Milli təhlükəsizlik konsepsiyasının  digər dövlətlərə tətbiqini mümkün edən, onu universal vasitəyə çevirən  onun  suveren dövlət ideyasına əsaslanmasıdır. Özü də bu konsepsiya  dövlətin müdafiəsinin yeganə konsepsiyası deyil. Digər məlum konsepsiya  dövlat  təhlükəsizlik konsepsiyasıdır ki, xüsusilə  totalitar rejimlər tərəfindən rəğbət göstərilir. Bu konsepsiya  daha  sadə və daha primitivdir. Burada mərkəzi hakimiyyət təşkilatı olaraq dövlətə daha çox diqqət verilir, nəinki  cəmiyyətə, fərdlərə və sosial qruplara. Milli təhlükəsizlik bütün sosial-siyasi sistemin təhlükəsizliyi deməkdir. Bu konsepsiya öz sosial, mədəni, siyasi və iqtisadi təşkil üsulunu müəyyən edərək özünü idərə edən xalqı

bu idarəçiliyi qorumaq və inkişaf etdirmək konsepsiyasidır.

Sosial-siyasi mütəşakkillik baximindan dövlətlərin farqləndirilməsi hərbi-siyasi gücün deyil,  dövlətlə cəmiyyətin arasında rabitənin xarakterinə əsaslanır. Mütəşəkkillik  səviyyəsini müəyyən etmək üçün bir sıra amillər nəzərə alınmalıdır: siyasi  zorakılığın səviyyəsi, siyasi institutların möhkəmliyi və yaşı, daxili  siyasi həyatda hərbi gücün istifadəsi, siyasi polisin vətəndaşların gündəlik  həyatına müdaxiləsi, siyasi qarşıdurma zamanı ideologiyanın dövləti təşkil etməyin vasitəsi kimi istifadə olunması, vahid milli eyniyyətin  zəifliyi və ya başqa bir milli eyniyyətlə qarşıdurma, siyasi hakimiyyətdə aydın  tabeçilik strukturunun olmaması, dövlətin kiv-ə  nəzarəti, urban orta təbəqənin azsaylı olması.

Güclü dövlət  legitim , konsensusa əsaslanan, cəmiyyətlə sabit rabitəyə malik olan dövlətdir. Zəif dövlət bunun əksidir. Zəif dövlət qüvvə baxımından güclü qüvvət ola bilər, yəni diktatura ,  totalitar və ya avtoritar rejim formasında. Eyni zamanda zəif dövlət zəif qüvvət ola bilər. Anarxiya , vətəndaş müharibəsi, dərəbəylik formasında.

Güclü dövlətin mövcudluğu şəraitində milli təhlükəsizlik konsepsiyası xarici təhlükələrdən qorunmanın təmin edilməsinə xidmət edir. Bu ya məsələn Monro doktrinası kimi dünya siyasətinə aktiv müdaxilə

etməyərək ölkənin sabit inkişafını təmin edən passiv siyasət və ya  əksinə  aktiv hücum siyasəti ola bilər.  Zəif dövlətlərdə daxili vəziyyət təbii olaraq xarici qayğıları  sıxışdırır.

Güclü dövlət üçün milli təhlükəsizliyin təmin edilməsi daha asandır, çünki, resurslar bir əldə cəmləşmişdir, daxildə diqqəti yayındıran heç bir problem yoxdur. Digər tərəfdən ölkəni xarici hədələrdən qorumağın stimulu vardır: səmərəli fəaliyyət göstərən və camiyyətin tələbatını ödəyən bir sistem yaradılmışdır. Bu olduqca vacib məsələdir, bir çox dövlətlər ona görə xarici həmlədən müdafiə olunmaqda çətinlik çəkirlər ki, dövlət bu məsələdə cəmiyyətin dəstəyindən məhrumdur və ya bu dəstək çox zəifdir. Bunun səbəbi isə odur ki, cəmiyyət mövcud quruluşdan narazıdır. Zəif dövlətlərdə də bəzi dəyərlər- istiqlaliyyət, ərazi bütövlüyü, xalqın həyatı və mədəniyyəti qoruma obyekti olaraq qalır. Lakin əsas diqqət əldə edilmiş sosial nailiyyətləri qorumağa deyil , həmin nailiyyətləri əldə etməyə yönəlir. Zəif dövlətlərdə milli təhlükəsizlik konsepsiyasının  məzmunu saxtalaşdırılaraq hakimiyyətin özünümüdafiə vasitəsinə çevrilməsi təhlükəsi vardır.

Hətta güclü dövlətlər belə milli təhlükəsizliyin  təmin edilməsində onları əhatə edən beynəlxalq mühitdən getdikcə daha çox asılı olur. Zəif dövlətlər müəyyən sosial siyasi dəyərləri deyil özünü daxili həmlələrdən qorumaqla məşğul olur: hərbi çevrilişlər, partizan hərəkatı, separatizm, kütləvi iğtişaşlar, dərəbəylik- yerli hakimiyyətin mərkəzi hakimiyyətə tabe olmaması. Bu təhlükələrin hər birinin milli təhlükə kimi qəbul edilməsi dövlətin daxili siyasətdə güc tətbiq etməsini əsaslandırmağa səbəb olur.

Zəif dövlətlərdə müxalif qüvvələr bəzən xarici qüvvələrlə işbirliyinə gedirlər. Inkişaf etməkdə  olan ölkələrin  bir çox  problemləri kolonializmdən qaynaqlanır. Kolonial sistem dağıldıqdan sonra müstəqil dövlətlər yarandı, amma siyasi mütəşəkkilliyə malik cəmiyyətlər,

Millətlər yaranmadı.

   Suveren dövlətlər müasir beynəlxalq sistemin əsasını təşkıl edir. Güclü dövlətlər bu sistemin sabitliyini təmin edir. Belə dövlətlərin daxili sabitliyi xarici təsirlərə həssas deyil. Əksinə , güclü dövlət zəif dövlətlə münasibəti zamanı onun daxili işlərinə qarışmağa geniş imkanlar qazanır. O, iqtidarı və ya müxalifəti müdafiə edə bilər. Zəif dövlətlər də bir birinin daxili işlərinə eyni üsula qarışa bilirlər. Güclü dövlətlər bir birinin işlərinə əsasən qarışmır, çünki bunun üçün münbit şərait yoxdur, siyasi müxalifət belə ölkələrdə siyasi sistemin üzvi hissəsidir və kənar qüvvənin əlində vasitəyə çevrilməyə meyl etmir.  Zəif dövlətlərdə daxili vəziyyət qeyri-sabit olduğuna görə milli təhlükəsizlik konsepsiyasının  məzmununda siyasi amil hərbi amillə bərabər rol oynayır. Əksər zəif dövlətlər digər zəif dövlətlərlə  əhatə olunduğundan onlar həm öz sabitsizliklərindən həm də qonşuların sabitsizliyindən əziyyət çəkirlər. Regional ittifaqların yaranması da çətinləşir, çünki  bəzən  bu gün monarxiya olan ölkə sabah hərbi diktaturaya və ya teokratiyaya çevrilir.

     Inkişaf etməkdə olan ölkələrin  bir birinə qarşı güc tətbiqinə olan məhdudiyyətlər Qərb standartlarından xeyli zəifdir.

Qərb güc tətbiq etməyə meyl etmir: status kvo ilə qanedir, iki dünya savaşı yaddaşına malikdir, nüvə silahı üçün məsuliyyət daşıyır, demokratiyalar savaşdan son vasitə kimi istifadə edirlər. Bundan fərqli olaraq inkişaf etməkdə olan ölkələrdə sabitsizliyin bir səbəbi də kənar qüvvələrin yarışı meydanına çevrilmələridir. Zəif dövlətlərin silahlanma mənbəyinin xaricdə olması da sabitsizliyin daha bir ciddi mənbəyidir. Silahlanma zəruridir , çünki qonşular silahlanır amma eyni zamanda  bəzən ölkə iqtisadiyyatı silahlanma templərinə davam gətirəcək gücə malik olmur.

    Zəif , konfliktlərə həssas ölkələrin mövcudluğu Qərb üçün də təhlükədir, istər istəməz bu konfliktlər onu da öz burulğanına çəkə bilər. Karib böhranı, Vyetnam, Irak müharibələri  buna misaldır. Qərb zəif ölkələrin daxili işlərinə qarışarkən öz milli təhlükəsizlik və ya milli mənafeyindən çıxış etməklə bərabər regionda gerçək qüvvələr nisbətini də nəzərə almalıdır, çünki süni surətdə yaradılan qüvvələr nisbəti sabit və uzunömürlü olmaya bilər.

Inkişaf etməkdə olan ölkələr həm də  öz imicləri üzərində işləməlidirlər, etibarlı tərəfdaş və qüvvətli rəqib obrazı yaratmalıdırlar, əlbəttə bu təkcə obraz deyil həm də həqiqət olsa daha yaxşı olar.

   Milli təhlükəsizlik konsepsiyası həm də  üç elementin birləşməsindən ibarətdir: təhlükəsizlik mühiti- yəni ölkənin qarşılaşdığı hərbi, iqtisadi, ekoloji, hər hansı başqa ciddi  potensial təhlükələrin mənbəyi, təhlükəsizliyin maddi, texniki , fiziki resursları- ordu, kəşfiyyat , diplomatiya , büdcə, iqtisadiyyat, ictimai fikir, funksional – siyasi imkanlar- legitimlik, milli birlik-inteqrasiya və effektiv siyasət.  Axırıncı öz növbəsində üç elementdən ibarətdir: təhlükəsizlik siyasətinin formalaşdırılması- elmi dairələrlə, cəmiyyətlə, müxalifətlə, müttəfiqlərlə və rəqiblərlə  məsləhətləşmələr, qərar qəbul edilməsi- mülki və hərbi, iqtisadi və siyasi, xarici və daxili amillərin qərar qəbul etməyə təsirinin balanslaşdırılması  və qərarın tətbiq edilməsi- qərarın tam, dəqiq və vaxtında , ağırlaşmalarsız icrası.

Hakimiyyətin legitimsizliyi xarici rəqibləri müdaxiləyə sirnikləndirir, diqqəti daxili vəziyyətə yönəldərək xarici təhlükəri diqqətdən yayındırır xarici münasibətlərdə güzəştə getməyə meylli olur. Legitimliyi bərpa etmək üçün belə hakimiyyətlər bəzən xəyali təhlükələrə qarşı milləti səfərbər etməyə çalışır və ya represiyalar tətbiq edir və buna göz yuman ölkələrlə iş birliyinə girərək ölkənin suverenliyinə ziyan vurur , çünki belə bir iş birliyi bərabərhüquqlu olmur. Milli birlik və ya eynicinslilik səviyyəsi dedikdə millətin əlahiddə milli, dini, regional dəyərlər sisteminə malik olan qrupların mövcudluğu- pərakəndəlik  məsələsi  nəzərdə tutulur. Belə qruplar özü özlüyündə daxili təhlükə olmaqla yanaşı xarici qüvvələrlə birləşərək daha böyük nəticələr doğura bilir.

Təhlükəsizlik resurslarının məhdud, təhlükəsizlik mühitinin isə bir qayda olaraq mürəkkəb olduğu inkişaf etməkdə olan ölkələrdə  funksional imkanların-- legitimliyin, eynicinsliyin və effektiv siyasətin rolu daha da artır.   Eyni zamanda məhz bu məsələlərdə də belə ölkələr problemlərə malik olur, yəni hakimiyyətin legitimliyi zəif olur, ölkədə müxtəlif xüsusi maraqlar güdən hərəkatlar movcud olur, və dövlət aparatının səmərəliliyi qərb ölkələrində olduğundan daha aşağı olur.

Beləliklə  idealda təhlükəsiz mühitə, böyük resurslara və effektiv siyasətə malik ölkə öz təhlükəsizlik problemini həll etmiş olur. Ən pis variantda isə təhlükəli mühita, kiçik resurslara və səmərəsiz siyasətə malik olan ölkələrin öz təhlükəsizliklərini qorumağa şansı olmur, məsələn vaxtilə Livan belə bir vəziyyətə düşmüşdü. 

    Milli təhlükəsizliyin təmin edilməsinin bir yolu da siyasi, iqtisadi və hərbi özünütəcrid  siyasətidir.  Özünütəcrid  bir ideoloji doktrina olaraq etnosentrik xarakter daşıyır, belə bir qənaətdən çıxış edir ki, müvafiq xalq unikal xarakterə və müstəsna irsə malikdir və öz həyatını başqa xalqlardan asılı olmayaraq muxtar şəkildə təmin eda bilər. Millətçiliyin qatı və əcaib forması adlandırıla bilən özünütəcrid milli maraqların ödənilməsini iqtisadi özünütəcriddə,siyasi suverenlikdə, hərbi özünümüdafiədə, mədəni əlahiddəlikdə görür. Beləliklə hər hansı iqtisadi, siyasi, mədəni təsir əgər hiss olunandırsa milli təhlükəyə çevrilir. Özünütəcrid siyasətini inkişaf etməkdə olan ölkələrə tətbiq etmək çətindir, hərçənd ki, inkişaf etmiş ölkələrə o ümumiyyətlə lazım deyil. Özünütəcridi seçən ölkələrin rəhbərliyi təhlükəsizlik  resurslarının çatışmazlığını ideoloji üstünlüklə əvəz etməyə çalışırlar. Xarici investisiyalar neokaloniolizmə aparan yol kimi rədd edilir.

     Özünütəcrid  doktrinasının  yaranma səbəbləri aşağıdakılardır: kalonial keçmiş, güclü  düşmən dövlətlərlə əhatə olunma, etnik eynicinslilik, yüksək milli qürur, dini-etnik baximdan qonşu xalqlardan fərqlənmə, cəmiyyətin dezinteqrasiyası, iqtisadi-sosial gerillik.

Çin(vaxti ilə) və Şimali Korea kimi özünütəcrid  yolu tutan ölkələrin rəhbərliyi cəmiyyətin bütün sosial institutlarını, təhsili, elmi, dini, kiv.i bu ideologiya əsasında yenidən qurur. Hər cür xarici əlaqələr mümkün qədər azaldılır. Hərbi sahədə  özünümüdafiə siyasəti aparılır, ittifaqlar istisna edilir, hərbi sənaye yaradılır. Ağlasığmazdır ki, Şimali Koreya vaxti ilə   bir sıra başqa inkişaf etməkdə olan ölkələrə  silah və hərbi mütəxəssis ixrac edirdi. Bu ela bir ölkədə baş verir ki, bəzən aclıq problemi meydana gəlir.

Ordu siyasiləşir və siyasət hərbiləşir, bu ölkələrin siyasi rəhbərliyində hərbiçilər 15% dən 30% qədəri təşkil edirlər. Orduda komissarlar sistemi partiyanın nəzarətini həyata keçirir.

  Şimali Koreya üçün özünütəcrid siyasətinin qurbanı olmamaq çətin idi:Yaponiyanin 1910-1945 illər işğalı ölkənin sərvətlərinin istismarına yönəlmişdi, yaponlar hətta koreyalıların adlarını da dəyişərək yaponlaşdırmaq istəyirdilər. Koreya üç özündən qat-qat güclü dövlətin əhatəsində yerləşir və görünür bu fakt xalqın tarixi yaddaşında dərin iz buraxmışdır, hədəfə çevrilmə ehtimalı həmişə mövcud olmuşdur. Ikinci bir səbəb xalqın sosial iqtisadi geriliyi və iki gonşu ölkədə communist hərakatının qələbə çalmasıdır. Kommunist ideologiyasi hər bir qələbə çaldıği ölkənin bütün qaranlıq və işıqlı cəhətlərini qismən mənimsəyir. Ona görə Polşa sosializmi və Korea sosializmi bu qədər fərqli olur. Çin özünütəcrid siyasətinə daha praqmatik yanaşmışdır. 1839 Opium müharibələri zamanı və Yapon işğalı zamanından sonra müstəqilliyini bir daha itirmək istəməyən Çin özünütəcrid siyasətindən istifadə etsə də zaman keçdikcə ondan hissə-hissə imtina edir və artıq beynəlxalq təhlükəsizlik sisteminə tamamilə  müxalif kimi qəbul edilmir.

Özünütəcrid ideologiyasi və  siyasəti dünya reallıqları ilə o qədər uyğun gəlmir ki, belə bir təcrübədən ən yaxşı halda neqativ baxımdan faydalanmaq olar, yəni bir daha nəyi etməyin yolverilməz və  təhlükəli olduğu qənaətini möhkəmləndirmək olar.

     Hər bir ölkədə iqtisadi inkişaf milli təhlükəsizlik maraqlarını da nəzərə almalıdır. Bu həqiqət inkişaf etməkdə olan ölkələrə də aiddir. Bu ölkələrdə bu qaydaya riayət etmək  digər ölkələrdə olduğundan  daha çətindir. Çünki, iqtisadi inkişaf daha ağır şərtlər daxilində həyata keçirilir və milli təhlükələr bir qayda olaraq daha ciddidir. Nəzəri həqiqət ondan ibarətdir ki, təbii resursların istismarına, iqtisadiyyatın vacib sahələrinə, məsələn müdafiə ilə sıx bağlı olan ağır sənayeyə xarici özəl və ya dövlət müdaxiləsinin nüfuzu milli təhlükəsizlik  baxımından düzgün deyil. Iqtisadi obyektlərin tikilməsi zamanı məkan , texnologiya və mülkiyyət mənsubiyyəti milli təhlükəsizlik baxımından qiymətləndirilməlidir.  Məsələn, Braziliya məhşur Volta Redonda  poladtökmə  zavoduna yer seçilməsi zamanı onu sahilə yaxın ərazidə tikmək iqtisadi baxımdan daha səmərəli olardı, çünki kommunikasiya xətlərinə yaxın olardı. Lakin milli təhlükəsizlik  baxımından tikinti yeri ölkənin içərilərində seçildi. Qəribədir ki, Braziliya kömürə malik olsa da , kifayət qədər keyfiyyətli olmadığından zavodun bu kömürlə işləməsi səmərəli deyildi, yerli mühəndislər xarici mühəndislərlə birlikdə uzun müddət çalışdıqdan sonra nisbətən məqbul texnologiya yarada bildilar. Bu da milli təhlükəsizlik  nöqteyi-nəzərindən həyata keçirildi-müharibə və ya digər fövqəladə hallar zamanı ölkə xarici xammaldan asılı ola bilməzdi.

Başqa tərəfdən , hərbi təyinatlı obyeklərin bəziləri mülki məqsədlər üçün də istifadə olunur: aeroportların tikilməsi, yolların salınması, hərbi hospitalların, hərbi elmi tədqiqat institutların fəaliyyəti və sairə

  Siyasət və davranış muxtariyyətini təmin etmək, xarici müdaxiləni məhdudlaşdırmaq milli təhlükəsizlik konsepsiyasının  mahiyyətini təşkil edir. Ordu milli təhlükəsizliyin  əsas təminatlarından biridir. Ordu quruculuğunun bir tərəfi də silahlanmadır.

Ümumiyyətlə silahlanmanın iki əsas növü var:silah idxalı və silah istehsalı.  Inkişaf etmiş Qərb ölkələri əsasən ikinci növə üstünlük verirlər. Bu yol güclü iqtisadiyyat, xüsusən ağır sənaye, elmi-texnoloji səviyyə və müəyyən tarixi ənənələr tələb edir. Məlum olduğu kimi inkişaf etməkdə olan ölkələr  bu imkanların çoxundan məhrumdur. Ona görə də bu ölkələr müstəqillik əldə edəndən sonra silah idxalı yoluna qədəm qoydular. Silah idxalının da öz növbəsində iki növü vardır: bir mənbədən silah idxal etmə və ya çoxsaylı mənbələrdən silah idxal etmə.

Ilkin mərhələdə inkişaf etməkdə olan ölkələr  bir  mənbədən silah idxal edir  – konkret olaraq keçmiş metropoliyadan silah idxal edirdilər. Bunun izahı aydındır: ölkədə heç bir silah idxalı təcrübəsi yoxdur, yerli hərbi elita metropoliya məktəblərində təhsil almış, xidmət etmiş, oradakı hərbi elita ilə sıx əlaqələrə malik olan zabitlərdən ibarətdir. Məsələn, Hindistan hərbçiləri Britaniya silahına, avadanlığına, ingilis dilində olan vəsaitlərə, hərbi məktəblərə və sairəyə vərdiş etmişdi. Eyni sözləri yeni müstaqil dövlətlər haqqında Rusiyaya münasibətdə demək olar.

Bir çox post-kolonial ölkələr əsasən öz metropoliyalarından , sonra isə iki super dövlətdən SSRI və ABŞ dan silah idxal edirdi. Sovet Ittifaqının dağılması ila silah bazarında vəziyyət bir qədər dəyişmiş, belə demək mümkündürsə silah bazarı siyasi-ideoloji  ballastdan azad olmuşdur.

Tək mənbədən silah idxalı silahlanmanın ən arzuolunmaz formasıdır. Belə silahlanma milli təhlükəsizlik siyasətinin  təyinatına ziddir. Ölkə taleyüklü bir məsələdə başqa bir xarici dövlətdən asılı olur. Həm də bu xarici dövlət keçmiş metropoliya olursa onun keçmiş koloniyasının daxili işlərinə qarışmaq ənənəsi olur. Silah ixrac edən belə bir ölkə bu ixracı hər bir an dayandıra bilər, qiymətləri dəyişə bilər, siyasi şərtlər qoya bilər, özü də bütün bunları ən namünasib vaxtda edə bilər və sairə. Həm də bu zaman təkcə silah deyil, onu istismar etmək üçün texniki kömək, ehtiyat hissələri, mütəxəssis personalı, hərbi müşavirlər idxal olunur. Bu isə asılı olmaq imkanlarını daha da artırır.  Məsələn, 1972-ci ildə Misir sovet hərbi müşavirlərindən imtina etdikdən sonra, SSRI Misirdə olan sovet silahı üçün ehtiyat hissələri göndərməkdən imtina etmişdi, eyni vəziyyət Islam inqilabından sonra ABŞ və Iran arasında təkrar olundu.

Təcrübə göstərir ki, silah ixrac edən ölkələr bu əyləcdən idxalçı ölkələrin daxili və xarici siyasətlərinə müdaxilə etmək vasitəsi kimi istifadə etməyə meyl edirlər.  Buna görə də  çox inkişaf etməkdə olan ölkələr  çoxsaylı mənbələrdən silah idxalına üstünlük verməlidirlər. Bu üsul əvvəlki üsula baxanda əlbəttə daha məqbuldur. Ölkənin hərbi idxaldan siyasi asıllılığı azalır,, manevr etmək imkanları yaranır.  Lakin bu yolun da bir sira zəif cəhətləri vardır. Silah ixrac edən ölkələrdən xidmət, ehtiyat hissələri və təlim baxımından asılılıq davam edir , müxtəlif silah növləri ilə silahlanmış ordunun tərkib hissələri arasında  uzlaşdırılma çətinlikləri baş verir, şəxsi heyəti müxtəlif silahlarla rəfdar etməyi öyrətmək üçün təlim prosesləri  çətinləşir, hərbi standartlaşma prinsipi pozulur.

    Silah təchizatının daha bir məlum yolu silah istehsalıdir. Bu yolun üstün cəhəti odur ki, xarici asılılıqdan ölkəni azad edir və həqiqətən müstəqil xarici və daxili siyasət yürütmək imkanı yaradır. Artıq hərbi embarqo, ehtiyat hissələri və xidmət göndərməkdən imtina və saira problemlər hərbi müdafiənin təşkilinə mane olmur. Silah istehsalı bir neçə formada həyata keçirilə bilər: idxal edilən silah hissələrinin yiğılması, bu zaman hissələri göndərən ölkə lazımi texniki yardımı təmin edir, silah hissələrinin bir hissəsinin lisenziya  əsasında istehsalı, xarici silahın lisenziya əsasında istehsalı, əldə edilən texnoloji təcrübə və biliklər əsasında modernləşdirilmiş silah istehsalı, müstəqil silah istehsalı.

Argentina, Braziliya, Hindistan, Israel, Cənubi Korea və Cənubi Afrika respublikası bu yolda böyük uğurlar qazanmışlar.

Bu proses irihəcmli capital qoyuluşu, təşkilati   qabiliyyətlər,, tələb etdiyindəndir ki, əksər ölkələr üçüncü, ən yaxşı halda dördüncü mərhələdən uzağa gedə bilməmişlər. Belə bir yalnış fikir vardır ki, bu zaman idxal asılılığı sadəcə texnologiya asılılığı ilə əvəz olunur. Amma bu bir asılılığın başqa bir asılılıqla əvəz olunması deyil, alıcı ilə satıcı arasında münasibətlərin xarakterinin dəyişməsi, statik münasibətlərin dinamik münasibətlərlə əvəz olunmasıdır. Texnologiya axımı getdikcə daha müstəqil olaraq hərbi sənayenin yaradılmasına imkan yaradır. Təcrübədə bu ölkələr silah ixracı ilə məşğul olmağa başlayırlar. Hərbi sənayenin özəl və ya dövlət sektorunda inkişaf etməsindən asılı olmayaraq bir qayda olaraq, məsələn Cənubi Koreya və Braziliya kimi, xarici investisiyaların bu müəssisələrdə üstün payına yol vermirlər. Bu da əlbəttə bir daha göstərir ki, hərbi sənaye quruculuğunun əsas məqsədi xarici asılılıqdan qurtulmaqdır. Hərbi sənayenin yaradılması prosesi iqtisadiyyata müsbət təsir edən amilə çevrila bilər, qazanılmış təcrübə hərbi sektordan mülki sektora   keçir.

    Bununla belə, bütünlüklə yerli hərbi istehsalla kifayətlənmək mümkün deyil.  Həm qərb ölkələri, həm də hərbi sənayeyə malik olan inkişaf etməkdə  olan ölkələrin demək olar ki, hamısı qismən silah idxalını davam etdirir. Çünki belə ölkələrin çoxu Cənubi Koreya və Israel kimi təhlükəli qonşuluqda yaşayırlar və hər zaman yüksək döyüş qabiliyyətinə malik olmalıdırlar. Beləliklə, silahlanmanın ən optimal yolu istehsal və idxalın birləşdirilməsidir. Yaxşı halda silahın çox qismi istehsal, az qismi isə idxal edilir. Pis halda bunun əksi baş verir. Bu isə öz növbəsində ölkənin iqtisadi, texnoloji imkanlarından asılıdır. Iqtisadi cəhətdən güclü olan ölkə nəinki hərbi məhsulun çox hissəsini istehsal edə bilir, daha da irəli gedərək onun daha mürəkkəb, müasir, konkurensiya qabiliyyətli hissəsini istehsal edə bilər ( Braziliya və Israel kimi ).

Beləliklə, silahlanma milli təhlükəsizliyin vacib istiqamətlərindən biridir və optimal silahlanma siyasətinin aparılması milli təhlükəsizliyin  vacib şərtidir.

 

 

 

 

İstifadə edilmiş ədəbiyyat:

1. NATIONAL  SECURITY  IN  THE  THIRD  WORLD

                       The Management of Internal and External Threats

                        Published by Edward  Elgar Publishing Limited  1988

 

2.      ÌÈËÈÒÀÐÈÇÌ    Â. È. ÑÊÎÏÈÍ

     ÌÎÑÊÂÀ – 1956

 

3.     ËÎÊÀËÜÍÛÅ  ÂÎÉÍÛ:  ÈÑÒÎÐÈß È ÑÎÂÐÅÌÅÍÍÎÑÒÜ

   ÌÎÑÊÂÀ - 1981